Lenny Kravitz bu dəfə Agent 47-ni işə götürür: Hitman-da pulsuz The Mutiny missiyası 24 dekabra qədər açıqdır
IO Interactive 007 First Light oyunundakı Bawma obrazını Hitman World of Assassination-a gətirdi. Yeni Elusive Target missiyası 26 noyabrdan 24 dekabra qədər oynanıla bilər, pulsuz demo versiyasında da var.

IO Interactive öz iki oyununu bir araya gətirdi. 007 First Light-da Aleph adasının pirat kralı Bawma rolunu oynayan məşhur musiqiçi Lenny Kravitz indi Hitman World of Assassination-da görünür. Fərq ondadır ki, Bawma bu dəfə hədəf deyil: o, Agent 47-ni şəxsən çağırır və ona tapşırıq verir.
Üç xain leytenant və vudu kuklaları
The Mutiny adlı yeni Elusive Target missiyası Ambrose adasında keçir. Bawma onu satan üç leytenantından qisas almaq istəyir və bu işi 47-yə həvalə edir. Tərtibatçıların nəzərdə tutduğu əsas yol Madame Serafine ilə birlikdə hazırlanan vudu kuklalarıdır. Hər kukla ilə hədəfi su, od, elektrik və ya atılan iti əşya ilə aradan götürmək mümkündür.

Missiya 26 noyabrdan 24 dekabra qədər açıqdır, bundan sonra oyundan çıxarılacaq. Hitman World of Assassination sahibləri üçün pulsuzdur, oyunu almayanlar isə onu pulsuz demo versiyasında oynaya bilər. Oyunu və ya Ambrose Island məkanını alanlar missiya bitəndən sonra da onun Arcade variantı olan The Retaliator-a və ona aid xüsusi tapşırığa çıxışı saxlayacaq. Missiyanı IOI hesabı ilə bitirənlər Rock Royalty Duck adlı əlavə hədiyyə alır.
Missiya ilə birlikdə pullu Rockstar Pack da çıxdı. Paketdə rok üslublu kostyumlar, gitara formalı silah, baraban çubuğu, pirotexniki qurğu və Freelancer rejimindəki sığınacaq üçün bəzəklər var. ABŞ mağazasında qiyməti 5,99 dollardır. Bundan başqa, Bawma mövsümü çərçivəsində yeni Escalation, Arcade müqavilələri və çağırışlar da vəd olunur.
Hitman World of Assassination PS5, PS4, Xbox və PC-də oynanılır. Oyunu saytımızın PlayStation oyunları bölməsində tapa bilərsiniz.
Source: Xbox Wire, Push Square
